_

İMAM CƏFƏR Sadiq (əleyhİssalam)

Bu gün İmam Cəfər Sadiq(ə)-ın şəhadət günüdür   Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (ə), anası isə Ümmü-Fərvə olmuşdur. İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı […]

Bu gün İmam Cəfər Sadiq(ə)-ın şəhadət günüdür

 

Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiq, atası İmam Baqir (ə), anası isə Ümmü-Fərvə olmuşdur.

İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş, hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir.

İmam Sadiq(ə)-ın müasiri olmuş Əməvi xəlifələri:

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);

Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);

Abbasi xəlifələrindən isə:

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);

 

İmam Cəfər Sadiq (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (ə), anası isə İmam Həsənin (ə) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərlənməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər.

İmam Sadiqin elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə, həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür, onun elm sahəsində üstün olduğunu tərifləyirlər.

Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”(Təzkirətül-hüffaz, c.1, səh.166.)

Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.(Təhzibüt-təhzib, c.1, səh.88.) Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir.”(Əl-İmamüs-Sadiq vəl məzahibül-ərbəəh, c.1, səh.53)

Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”(Əl-İrşad, səh.270.)

Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və fəlsəfi məktəblərə işarə edərək yazır: “Dini rəy və fitvalar yalnız Əhli-beyt yanında özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki, bu ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi.

İmam Sadiq əleyhissəlamın dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi, Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu cəhətdən də, bu dövr İmam Sadiq əleyhissəlamın və şiələrin nisbi rahatlıq və azadlıq dövrü, onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.

Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiq əleyhissəlamın dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs yaranmış və müxtəlif elmlər, istər Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid kimi İslami elmlər, istərsə də tibb, fəlsəfə, astronomiya, riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. Belə ki, azca düşüncə tərzi olan hər bir şəxs elmə müraciət edirdi.

İmam Sadiq əleyhissəlamın dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı.  Məsələn, Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.

İmam Sadiq (ə) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir əleyhissəlamın elmi və mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı, böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm, Məhəmməd ibn Müslim, Əban ibn Təğlib, Hişam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi.(Əl-İrşad, səh.271.) Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir.

İmam Sadiq (ə) məktəbinin genişliyi haqqında bu yetər ki, İmam Riza əleyhissəlamın şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan), böyük hədisçilərdən biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: “Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”

Bunu qeyd etmək lazımdır ki, hamının təsəvvürünün əksinə olaraq İmam Sadiq əleyhissəlamın hərəkatı təkcə elm sahəsində (baxmayaraq ki, bu sahə çox geniş olmuşdur) olmamışdır. Eyni zamanda, o Həzrət siyasi fəaliyyət də göstərmişdir.  İmam Sadiq (ə) İmamət məsələsinin əsl həqiqətini təbliğ etmək məqsədi ilə müxtəlif yerlərə nümayəndələr göndərirdi.

İmam Sadiq əleyhissəlamın həyatında diqqəti cəlb edən məsələlərdən biri də, o Həzrətin Abbasilər qiyamının başçılarının ona beyət etmək təklifini qəbul etməməsidir. Əgər bu məsələyə ötəri və səthi baxsaq, bu qiyamda məzhəbi fikirlərin daha çox təsiri olduğnu görərik.Bu qiyamçıların bütün şüarları İslami şüarlar və bayraqları üzərinə yazılmış sözlərin hamısı Quran ayələri idi. Onlar özlərini elə qələmə verirdilər ki, guya Əhli-beytin (ə) xeyrinə iş görür və məqsədləri Peyğəmbər (s) ailəsinin Bəni–Üməyyə və Bəni–Mərvan tərəfindən axıdılmış nahaq qanının intiqamını almaqdır. Onlar öz qiyamını Əhli-beyt  ilə əlaqələndirmək istəyirdilər.

Bəni-Abbas Bəni-Üməyyə ilə mübarizənin əvvəllərində (Bəni-Haşimi) Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsini himayə etmək, haqq-ədalət qurmaq şüarlarını verirdilər. Həqiqətən də, bir tərəfdən Əməvilərin hakimiyyəti dövründə Peyğəmbər (s) ailəsinin məzmlumluğu müsəlmanların ürəklərini yaraladığından, digər tərəfdən də, onlar İslam hakimiyyəti adı altında heç bir zülm etməyi əsirgəmədiyindən, Bəni-Abbas camaatın Bəni-Üməyyəyə qarşı olan ciddi narazılığından istifadə edib Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsini himayə etmək şüarı adı altında işin əvvəlində xalqın etimadını özlərinə cəlb edə bildilər. Ancaq onların Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə qarşı zülmün, haqsızlığın aradan qaldırılması və haqq-ədalətin öz yerini tutacağı barədəki vədləri həyata keçmədi heç, üstəlik çox çəkmədi ki, Bəni-Üməyyənin qeyri-İslami işləri bu dəfə bir az da, artıqlaması ilə icra olunmağa başladı. İş o yerə çatdı ki, müsəlmanlar yenidən Bəni-Üməyyə hakimiyyətinin qayıtmasını arzuladı.

Bəni-Üməyyə xəlifələri çalışırdılar ki, müxtəlif yollarla camaatı məsum İmamların məktəbindən uzaqlaşdırıb onlarla İmamlar arasında ayrılıq salsınlar. Bu məqsədlə onlar camaatı hökumətdən asılı olan, ya da heç olmasa, hökumətə zərəri olmayan qazılara müraciət etməyə məcbur edirdilər.

Abbasi xəlifələrinin işin əvvəlində öz məqsədlərinə nail olmaları üçün Bəni-Haşimə tərəfdar olmağı özlərinə şüar etməsinə baxmayaraq, hakimiyyət başına gəldikdən sonra onlar da Bəni-Üməyyə xəlifələrinin gördükləri işləri görməyə başladılar. Onlar da Bəni-Üməyyə xəlifələri kimi mənəvi cazibə və ruhlandırıcı məktəbləri camaatı özünə vurğun etmiş İmamları öz hökumətləri üçün böyük təhlükə hesab edirdilər.

O Həzrətin dövründə xəlifələr açıq-aşkar çalışırdılar ki, bir müddət İmam Sadiq əleyhissəlamın şagirdi olmuş şəxsləri onun məktəbinin müqabilində fətva kürsüsünə otuzdurub onu camaat üçün qazı, müfti təyin etsinlər. Belə ki, (bir vaxtlar İmam Sadiq əleyhissəlamın şagirdləri olmuş) İbn Əbu Zi`b və Malik ibn Ənəsi bu kürsüdə otuzdurdular.

Mənsur Dəvaniqi bu məqsədlə Malik ibn Ənəsə həddən artıq çox hörmət edir və onu rəsmi müfti və qazı kimi tanıtdırırdı. Bəni-Abbas xəlifələrinin carçısı Mədinə şəhərində gəzib elan edirdi ki, Malik ibn Ənəs və İbn Əbu Zibdən(Əbul Haris Məhəmməd ibn Əbdürrəhman ibn Əbu Zi`bin tərcümeyi-halı ilə tanış olmaq üçün “Vəfəyatül-ə`yan”ın təhqiq edilmiş çapının c. 4, səh. 36-ya; Əl-məarif, səh. 485-ə müraciət edin.) başqa İslami hökmlər barədə fətva verməyə heç kəsin haqqı yoxdur.(Vəfəyatül-ə’yan, c.4, səh.135.)

Məcburi yazılmış kitab

Mənsur Dəvaniqi Malikə əmr edir ki, bir hədis kitabı yazıb hədisçilərin ixtiyarında qoysun.  Malik bu işdən boyun qaçırır, lakin Mənsur israr edirdi. Bir gün Mənsur ona deyir: “Bu kitabı yazmalısan, çünki indi səndən bilikli adam yoxdur.” Malik Mənsurun israr və təkidi nəticəsində “Müvəttə” adlı bir kitab yazır.(Həyatül-İmam Musa ibn Cə’fər, c.1, səh.91.) Bu hadisədən sonra o dövrün hakim qüvvələri camaatı İmam Sadiq əleyhissəlamın məktəbindən uzaqlaşdırmaq üçün bütün qüvvəsi ilə Malikin səs-sorağını, verdiyi fətvaları yayıb təbliğ etməyə başlayırlar.Mənsur Malikə deyir: “Əgər sağ qalsam, sənin fətvalarını Quran ayələri kimi yazıb bütün şəhərlərə göndərərək camaatı ona əməl etməyə məcbur edəcəyəm.”(Təzkirətül-hüffaz, c.1, səh.212.)

Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər imamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) imamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (ə) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar.

İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiqin (ə) qoyduğu dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji prinsiplərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinə təbliğ məqsədilə nümayəndələr göndərməsi idi.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında İmam Həsən Müctəba,İmam Zeynulabidin və İmam Mühəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.

Qeyd edək ki,Bəqi qəristanlığında yerləşən dörd İmamın məzarı üzərində ucaldılan məqbərə keçən əsrin əvvəllərində(təxmini-1925 ci il)vəhhabi şeyxlərinin göstərişləri ilə dağıdılmışdır və bu günədək mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.