ev / Dini / Şəhadətin Fəlsəfəsi (2)

Şəhadətin Fəlsəfəsi (2)

Nə üçün Hüseyn (ə) unudulmur?

Həmin şəraitlə eyni zamanda Əbu Süfyanın övladlarından olan Müaviyə islam hökumətinə nüfuz edərək islam məmləkətinin ən strateji bölgələrindən biri olan Şama hakim təyin edildi. Oradan da cahiliyyət hizblərinin tör-töküntülərinin köməyi ilə islam hökumətinin tam mənada ələ keçirilməsi və cahiliyyət dövrünün mürtəce adət-ənənələrinin dirçəldilməsi üçün şəraiti hazırladı

Bu hərəkat o qədər güclü idi ki, imam Əli (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin xilafət dövrü bütünlükdə onunla mübarizəyə sərf olundu. İslama zidd olan bu hərəkatın əsl siması o qədər aşkar idi ki, hərəkatın liderləri belə onu  gizlədə bilmirdilər.

Xilafətin Üməyyə və Mərvan sülalələrinə nəql olunduğu zaman Əbu Süfyan özünün tarixi cümləsində həyasızlıqla demişdir: “Ey Bəni-üməyyə! Çalışın, hakimiyyəti əldən verməyin! (Top kimi bir-birinizə ötürün)! And içdiyim şeyə and olsun ki, nə cənnət var, nə də cəhənnəm! (Məhəmmədin qiyamı siyasi bir hərəkət idi!)”

Yaxud Müaviyə İraq hakimiyyətini ələ keçirən zaman Kufədə öz məşhur xütbəsində dedi: “Mən buna görə gəlməmişəm ki, sizi namaz qılıb oruc tutasınız; buna görə gəlmişəm ki, sizə hakim olam! Hər kəs mənimlə müxalifət etsə, onu məhv edəcəyəm!”

Yezid Kərbəlada şəhadət məqamına çatan insanların kəsilmiş başlarını görən zaman dedi: “Kaş Bədr müharibəsində öldürülən ata-babalarım burada olaydı və mənin Bəni-haşimdən necə intiqam aldığımı müşahidə edəydi!”

Bütün bunlar islama zidd olan bu irticaçı hərəkatın mahiyyətini nümayiş edən əyani sübutlar idi; nə qədər irəliləsə, bir o qədər kəskin və pərdəsiz olurdu.

İmam Hüseyn (əleyhis-salam) əziz islamı təhdid edən və Yezidin dövründə özünün son həddinə çatan bu böyük təhlükənin müqabilində sükut edə bilərdimi?! Görəsən, Allah, Peyğəmbər və onu böyüdüb boya-başa çatdıran pak insanlar bunu bəyənərdimi?!

Görəsən, həzrət Hüseyn (əleyhis-salam) böyük fədakarlıq göstərərək islam cəmiyyətinə kölgə salan belə bir sükutu pozmalı deyildimi?! Bəni-üməyənin zəhərli təbliğatlarının pərdəsi arxasında gizlənən və cahiliyyət dövrünə məxsus hərəkatın iyrənc simasını ifşa etməli deyildimi?! Gələcək nəsillərə əbədi qəhrəmanlıq irsi qoyub getmək üçün özünün pak qanı ilə islam tarixinin səhifələrinə parlaq sətirlər yazmalı deyildimi?!

 Bəli! İmam Hüseyn (əleyhis-salam) bu işi gördü və islam uğrunda özünün böyük tarixi vəzifəsini yerinə yetirdi, islamın tarixinin istiqamətini tamamilə dəyişdi, Bəni-üməyyə tayfasının islama zidd olan məkrli hiylələrini ifşa etdi, onların zülm əsasında son fəaliyyətlərini zərərsizləşdirdi.

İmam Hüseyn (əleyhis-salam) qiyamının həqiqi mahiyyəti məhz budur! Buradan aydın olur ki, nə üçün İmam Hüseyn (əleyhis-salam)-ın adı və tarixi heç vaxt unudulmur, o hər hansı bir dövrə, zamana məxsus deyildir; əksinə onun özü  və hədəfi əbədidir.

O, haqq yolunda, ədalət və azadlıq yolunda, Allah və islam yolunda, insanların və insani dəyərlərin dirçəldilməsi yolunda şəhadət şərbətini içdi. Görəsən, bu məfhumlar nə vaxtsa köhnələcəkdir?! Xeyr, heç vaxt!

 Kim qələbə çaldı?

Bu böyük və qanlı mübarizədə Bəni-üməyyə və onların qəddar, qaniçən və dünyapərəst ordusu həqiqi qələbəyə nail oldumu?! Yoxsa canlarını və hər şeylərini haqqa, fəzilətə eşq yolunda Allaha fəda edən İmam Hüseynə və onun fədakar köməkçilərinə nəsib oldu?!

Qələbə və məğlubiyyətin həqiqi məfhumuna diqqət yetirdikdə bu sualların cavabını tapmaq olar: Qələbənin mənası o deyildir ki, insan müharibə meydanından sağ-salamat çıxsın, yaxud  düşmənini həlak etsin. Əksinə, həqiqi qələbə odur ki, insan öz hədəfini irəli aparsın, düşmənin öz mənfur məqsədinə çatmasının qarşısını alsın.

Bu mənaya diqqət yetirməklə bu qanlı mübarizənin yekun nəticəsi tam aydın olur. Hüseyn və onun vəfadar köməkçiləri qəhrəmanlıq və rəşadət göstərdikdən sonra şəhadət şərbətini içsələr də öz müqəddəs hədəflərinə tam mənada nail oldular.

Hədəf bu idi ki, Bəni-üməyyənin islama zidd olan mürtəce hərəkatının mahiyyəti və iç üzü ifşa olunsun, müsəlmanların arasında ümumxalq fikir oyansın, ümmət cahiliyyət dövrünün, küfr dövranının tör-töküntülərinin və bütpərəstlik qalıqlarının hiylələrindən agah olsunlar. Bu hədəf də gözəl formada yerinə yetirildi.

Onlar nəticə etibarı ilə Bəni-üməyyənin zülm və haqsızlıq ağacının kökündən kəsdilər, qəsbkar hökumətin nəslinin kəsilməsi istiqamətində müqəddimələri hazırlamaqla – belə ki, cahiliyyət adət-ənənələrinin, fəsad və irqçiliyin, zülmkarlığın dirçəldilməsi bu hökumətin fəxri idi – onun iyrənc, mənfur kölgəsini müsəlmanlarının başı üzərindən götürdülər.

Davam ediləcək

Şəhadətin Fəlsəfəsi (1)

rəylər gəlir

Bu gün imam Әliyyən-Nəqinin (ə) şəhadətinin ildönümüdür

Bu gün (bu il martın 9-dan 10-na keçən gecə), qəməri təqvimi ilə Rəcəb ayının 3-ü, müsəlmanların …

Leave a Reply

Your email address will not be published.